Sabir Əlim Xəliloğlu
Sabir Əlim Xəliloğlu (tam adı: Sabir Xəlil oğlu Əliyev; 15 may 1935, Qaracalar, Gürcüstan SSR, ZSFSR, SSRİ – 14 may 2007, Tbilisi) — şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.
Sabir Xəlil oğlu Əliyev 1935-ci il mayın 15-də Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani bələdiyyəsi) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961–1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan SSR Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə "Klassik Azərbaycan şeirinin şəkilləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1967-ci ildən ömrünün axırına kimi Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib. Doğma kəndi Qaracalarda dəfn olunub.